“ARB Günəş” ölkəmizin ilk uşaq televiziyasıdır. Azyaşlı tamaşaçıların sevərək izlədiyi telekanal 1 aprel 2015-ci ildən fəaliyyət göstərir.
“ARB Günəş” televiziyasının yarandığı ilk gündən qarşıya uşaqların zövqünü oxşamaq, onların marağına xidmət etmək məqsədi qoyulub.
Telekanalda indiyədək 20-dən çox telelayihə və proqramlar hazırlanaraq efirə verilib. Televiziyada azyaşlı izləyicilərə Azərbaycan dilində cizgi filmləri və maarifləndirici proqramlar təqdim edilir. “Çərpələng”, “Mərcangildə”, “Təhsil millətin gələcəyidir”, “Biz nə fikirləşirik?”, “Günəşin nağılları”, “Uşaq saatı” və digər verilişlərdə uşaqlara davranış, ünsiyyət qaydaları, təbiət və heyvanlar aləmi haqqında biliklər, səlis yazmaq, oxumaq, mütaliə vərdişləri öyrədilir. Proqramlarda istedadlı məktəblilər öz bacarıqlarını nümayiş etdirir, izləyicilərə uşaq aləmində baş verən ən son yeniliklər çatdırılır.
Televiziyada dublyaj studiyası da fəaliyyət göstərir. Xarici dildə olan cizgi və animasiya filmləri ana dilimizə tərcümə olunaraq azyaşlı izləyicilərə təqdim edilir.
Telekanal əksər dövlət və hökumət qurumları ilə səmərəli əməkdaşlıq edir. Təkcə əyləncəli və maarifləndirici deyil, eləcə də, sosial xarakterli bir sıra layihələrə imza atıb.
“ARB Günəş”in eşitmə və nitq qüsurlu uşaqların cəmiyyətə inteqrasiyası mövzusunu özündə əks etdirən “Gözləri ilə danışan mələklər” adlı sosial layihəsi tamaşaçıların rəğbətini qazanıb. Layihənin məqsədi bu qəbildən olan uşaqların cəmiyyətdə özünəlayiqli yer tutmasına, sağlam ruhda böyüməsinə, təlim və tərbiyəsinə, eləcə də, onların təhsilinə diqqəti yönəltməkdir. Sosial əhəmiyyət daşıyan ekran işi xüsusi qayğıya ehtiyac duyan uşaqların gündəlik həyatda - ailə və cəmiyyət içində yaşadığı problemləri gündəmdə saxlamağa xidmət edir.
“Azerspace 1” peyki vasitəsilə yayımını həyata keçirən “ARB Günəş”i kabel televiziyalarında, eləcə də, internetdə onlayn izləmək mümkündür.